Şəmkir faciəsini yaradan səbəblər - Problem nə vaxt həll ediləcək?
4-12-2025, 12:37
Bu gün səhər saatlarında Şəmkir rayonunda baş verən ağır yol qəzası bir daha regionlarda sərnişindaşıma sahəsində təhlükəsizlik probleminin nə qədər dərin olduğunu göstərdi.Belə ki, Yevlaxdan Şəmkirə istixanaya fəhlələri aparan “Mercedes” markalı mikroavtobusun idarəetmədən çıxaraq su kanalına aşması nəticəsində 12 nəfər ağır və orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırıldıqca məlum olur ki, bu cür qəzalara gətirib çıxaran əsas amillərdən biri regionlarda “avtobus çatışmazlığı” adı ilə illərdir davam edən qanunsuz təcrübədir — yəni avtobus üçün nəzərdə tutulmayan yük və ya minik tipli mikroavtobusların kütləvi şəkildə sərnişindaşıma vasitəsi kimi istifadəsi və içəridə əlavə, standartlara uyğun olmayan oturacaqların quraşdırılmasıdır.
Əyalətmedia.az xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, regionlarda bu praktika nəinki yayğındır, həm də faktiki olaraq nəqliyyat bazarının “adi qaydası”na çevrilib:
“Mikroavtobuslar zavod istehsalından sərnişin daşınması üçün normativ oturacaq sayı ilə çıxır. Lakin rayonlarda həmin maşınlara əlavə oturacaqlar quraşdırılır, bəzən hətta qatlanan, təhlükəsizlik kəməri olmayan, heç bir standartda qeyd olunmayan stullar yerləşdirilir. Bu isə qəza zamanı xəsarətləri dəfələrlə artırır. Şəmkirdəki hadisədə də eyni mənzərəni görürük.
Sürücü ilə birlikdə 23 nəfərin daşınması mikroavtobusun texniki parametrlərinə tam ziddir.”
Cəfərovun sözlərinə görə, müvafiq qurumların tələbi çox sərt olmalıdır:
“Əgər bir mikroavtobusda zavod istehsalı 15 oturacaq varsa, o zaman 15-dən artıq sərnişin daşınması qadağan edilməlidir. Hər bir əlavə oturacaq faktiki olaraq potensial yaralanma riskidir. Bu cür maşınların texniki baxışdan keçməsi formal xarakter daşıyırsa, nəticə qaçılmazdır”.
Yol təhlükəsizliyi üzrə ekspert Kamran Əliyev isə problemin təkcə texniki deyil, həm də sistemli nəzarət boşluğundan qaynaqlandığını deyir:
“Rayonlarda gündəlik yüzlərlə insan işə aparılıb-gətirilir, lakin bu daşımaları həyata keçirən nəqliyyat vasitələri praktiki olaraq heç bir real nəzarət mexanizmi altında deyil. Qanunsuz oturacaqların sökülüb-quraşdırılması prosesi sərnişin daşıma şirkətlərinin gözü qarşısında olur, amma buna göz yumulur. Çünki bu maşınlar çox sərnişin aparmaqla daha çox qazanc əldə edirlər. Nəticədə təhlükəsizlik sıfıra enir”..
Ekspert hesab edir ki, Şəmkirdəki qəza sanki illərdir xəbərdarlığı edilən, lakin qarşısı alınmayan bir problemin növbəti acı nəticəsidir:
“Avtobus kimi istifadəyə uyğun olmayan nəqliyyat vasitələrinin işçi daşımaq üçün seçilməsi regionlarda marşrutların azlığından, rəsmi nəqliyyatın tələbi qarşılamamasından irəli gəlir. Lakin heç bir iqtisadi səbəb insan həyatından üstün ola bilməz”.
Kamran Əliyev əlavə edir ki, işçilərin kütləvi şəkildə qeyri-standart nəqliyyatla daşınması əslində həm də əmək təhlükəsizliyi qanunvericiliyinin kobud şəkildə pozulmasıdır:
“İstixanalara, zavodlara və tikinti obyektlərinə aparılan işçilər sahibkar tərəfindən rəsmi və təhlükəsiz nəqliyyatla təmin edilməlidir. Bu öhdəlik yerinə yetirilmədiyi üçün hər il belə qəzalar görürük. Şəmkir hadisəsi də göstərdi ki, nəzarət mexanizmi yalnız kağız üzərindədir.”
Xəbəri paylaş



























