Tehran küçələri çekistləri dəhşətə gətirib - Gizli sənədlərdə göstərilən İrandakı həyat

 
3-12-2025, 11:42           
Tehran konfransının ildönümündə ilk dəfə dərc edilmiş, əvvəllər “Tamamilə məxfi” olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivinin sənədlərində göstərilib ki, 1943-cü ildə İosif Stalinin Tehran konfransına səfəri zamanı təhlükəsizlik tədbirlərini təşkil etmək üçün gələn SSRİ Xalq Daxili İşlər Komissarlığı əməkdaşlarını (Çekist - Qeyd) Tehran küçələri dəhşətə gətirib.
4df5ed94-f559-4d5f-9072-74eb38f88365.jpeg (52 KB)
Tehranda konfransın başlamasına bir ay qalmış İrana gələn SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin idarə rəisi Pyotr Fedotov və 6-cı idarənin rəis müavini Dmitri Şadrinin SSRİ Daxili İşlər Xalq Komissarı Lavrenti Beriya və SSRİ Dövlət Təhlükəsizliyi Xalq Komissarı Vsevolod Merkulova göndərdiyi və məxfilikdən çıxarılmış hesabatında deyilir:
“Tehranda nəqliyyat zəif təşkil olunub və küçədə hərəkət tənzimlənir. Mərkəzi küçələr avtomobil və yük maşınları, motosikletçilər, velosipedçilər, taksiçilər, arabalar, dəvə, eşşək, bəzən hətta mal-qara karvanları ilə doludur. Onlar öz növbəsində nizamsız hərəkət edirlər”.
Onlar qeyd ediblər ki, yol polisi əməkdaşları öz vəzifələrini zəif yerinə yetirirlər, yaxud yol hərəkətinə ümumiyyətlə fikir vermirlər.
92f03a87-6202-4eb4-a0ba-570a2134a1c9.jpeg (72 KB)
“Sürücülər, xüsusən də Britaniya və Amerika hərbi maşınlarının sürücüləri, hətta pik saatlarda və ya Şah yoldan keçən zaman mühüm yolayrıclarında dayanan polis məmurlarına belə, yol nəzarətçilərinin göstərişlərinə tabe olmurlar. Biz heç vaxt görmədik ki, qaydanı pozan sürücü saxlanılsın, xəbərdarlıq edilsin, cərimələnsin. Bəzi yerlərdə quraşdırılan svetoforlar hərəkəti tənzimləməkdən daha çox Tehran küçələrində bəzək rolunu oynayır”, - deyə hesabatda bildirilib.
Onların fikrincə, daha pisi polis və ya hərbçilərin kortəbii izdiham nümayişlərinin öhdəsindən gəlmək bacarığıdır. Onlar öz hesabatlarında 1943-cü il oktyabrın 27-də Tehran stadionunda şahın doğum gününü qeyd etmək üçün keçirilən idman tədbiri zamanı polis və əsgərlərin mərkəzi tribunalara axışan izdihamı idarə etməkdə çətinlik çəkdiyi bir hadisəyə istinad ediblər.
a7a3ce8f-4285-499c-a925-ca9c63719479.jpeg (31 KB)
Şah tribunadan mükafat paylama meydançasına enəndə minlərlə insan bir-birini yıxaraq mərkəzə doğru irəliləyərək sıraya düzülmüş idmançıları əzib. Sonda yalnız süngüsü olan əsgərlər kütləni geri itələməyə başlayıblar. Həmin gün diplomatik kürsüdə əyləşən çekistlərin özləri az qala izdiham zamanı xəsarət almaq təhlükəsi ilə üzləşiblər.
Onlar İngiltərənin xarici işlər naziri İdenin və şahın özünün Tehranın mərkəzindən keçməsini diqqətlə izləyiblər və belə nəticəyə gəliblər kortejin motosikletçilər tərəfindən müşayiəti maraqlı kütlənin diqqətini cəlb edir və bu da vəziyyəti daha da gərginləşdirə bilər.
1943-cü il noyabrın 26-da Stalinin başçılıq etdiyi sovet nümayəndə heyətini aparan təyyarənin Bakıdan eniş etdiyi aerodromdan Tehranın mərkəzindən keçən 7 kilometrlik məsafə mühafizənin təşkili üçün ən çətin yol olub. Bu barədə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin 6-cı İdarəsinin rəis müavini Dmitri Şadrinin “Tehranda (İran) təhlükəsizlik işi haqqında” 1943-cü il 6 dekabr tarixli məxfilikdən çıxarılmış memorandumunda deyilir.
c7cdef11-049b-4505-a1d8-b52ba227bc60.jpeg (78 KB)
“Magistral yolda işləmək xüsusilə çətin idi. Çətinlik ondan irəli gəlirdi ki, Tehranda, o cümlədən mühafizə olunan magistralda izdihamın toplaşdığı çoxlu dükan və tövlələr var, küçələrdən iri yük karvanları və eşşəklər keçir, çoxlu dilənçilər sərgərdan gəzirlər”.
Amma mühafizəçilər gələnə qədər “küçələr qaydaya salınıb”. Bütün marşrut 10 hissəyə bölünüb, onların hər birinə 6-cı idarəsinin zabiti rəhbərlik edib. Yol kənarında 131-ci SSRİ Xalq Daxili İşlər Komissarlığının tabeliyində olan alayın 400 əsgəri və zabiti komendantı polis sarğıları taxıblar.
a43ffc11-1acd-4592-98e6-ce0f82a7fc0e.jpeg (119 KB)
Bundan əlavə, səkilərdə, yol ayrıclarında və magistral yola çıxan yan küçələrə yaxın yerlərdə 100-dən çox sovet məxfi mühafizə postu və 163 nəfər mülki əməliyyat heyəti, mühafizə olunan magistral yolun yaxınlığındakı kənar küçələrdə isə ehtiyac yarandıqda ehtiyat pulemyotçu dəstələri yerləşdirilib.
Telefon olmadığına görə təhlükəsizlik rəisi Dmitri Şadrin (o, Sidorov adı ilə Tehranda idi) sovet nümayəndə heyətinin kortejini xəbərdar etmək və nəqliyyatın qarşısını almaq üçün qırmızı bayraqlı avtomobillə xüsusi marşrutla hərəkət edib. Konfransdan sonra Sovet səfirliyindən aerodroma dönüş də eyni plan üzrə təşkil olunub.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün





Xəbəri paylaş


 
 


Xəbər lenti